Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე
“Kaxetinin səsi” onlayn radionun canlı efirində yayımlanan və bölgədəki cari seçki məsələlərinə şamil olunan Azərbaycan dilində seçki xülasəsi efirdədir. Verlişi onlayn radio və informasiya agentliyi knews.ge-nin səhifəsində Azərbaycan dilində dinləyə bilərsiniz.
Kaxeti bölgəsində yerli özünüidarəetmə seçkilərinin birinci turu başa çatıb, komissiya sədrlərinin sözlərinə görə, səslərin hesablanmasına paralel olaraq şikayətlərin müzakirəsi aparılır. Mərkəzi Seçki Komissiyasının göstəricilərinə görə, Kaxeti bölgəsinin 8 seçki dairəsindən 7-də ilk turdaca mer seçilib. Oktyabrın 30 -da isə Telavi Seçki Dairəsində merin seçilməsi üçün ikinci tur keçiriləcək. Bundan başqa, Kaxetinin üç seçki dairəsində sakrebulonun majoritar deputatlarının seçilməsi üçün ikinci tur keçiriləcək.
Telavinin 55 seçki məntəqəsində şəhər merinin seçilməsi üçün ikinci tur keçiriləcək. Seçici iki namizəd- “Gürcü Arzusu”-ndan Levan Andriaşvili və “Milli Hərəkat”-dan Qiorqi Botkoveli arasından seçim etməli olacaq.
Axmeta Munisipalitetinin Duisi-Tsinubani majoritar dairəsində ikinci tur keçiriləcək. İkinci tur Birləşmiş Müxalifətin namizədi Malxaz Maçalikaşvili və hakim partiyanın nümayəndəsi Eldar Bağakaşvili arasında keçiriləcək.
Ğvareli Munisipalitetinin Sabue-Almati dairəsində ikinci tur təyin olunub. “Gürcü Arzusu”-nun namizədi Mamuka Beriaşvili və “Gürcüstan Naminə” partiyasının namizədi Rati Turiaşvili bir-birləri ilə mübarizə aparacaqlar. Xatırladaq ki, 7 seçki dairəsində merliyə namizəd səs çoxluğu ilə birinci turdaca seçilib. Majoritar dairələrə gəlincə, əksəriyyətində səslərin böyük hissəsini hakim partiyanın nümayəndələri qazanıblar.
Kaxetinin yeddi munisipalitetində seçkilərin birinci turu nəticəsində seçilən merlərin topladıqları səslərin faiz göstəricilərini təqdim edirik:
Qurcaani – Zurab Utiaşvili – 60,5%
Axmeta – Aleksi Pitsxelauri – 54%
Laqodexi – Condo Mdivnişvili – 70,1%
Ğvareli – Qivi Zautaşvili – 56,6%
Siğnaği – Malxaz Beqiaşvili – 59,2%
Dedoplistsğaro – Nikoloz Caniaşvili – 69,4%
Saqareco – Avtandil Qulikaşvili – 62,3%
Kaxetinin sakrebuloları necə formalaşdırılacaq
Kaxetidə 8 seçki dairəsindən sakrebulolarda ən çox hakim partiyanın nümayəndəsi olacaq. İlkin göstəricilərə görə, “Gürcü Arzusu”-nun sakrebulolarda 182 nümayəndəsi, “Milli Hərəkat”-ın 83, “Gürcüstan Naminə” partiyasının- 5, “Avropalı Gürcüstan” partiyasının – 1, “Lelo” -nun 1, “Xalq Partiyası” -nın 2, “Üçüncü Qüvvə-Qurucluq Strategiyası”-nın 1 və müstəqil namizəd 1 olacaq.
Bundan başqa, seçki günü aşkarlanan pozuntularla bağlı şikayətlərin müzakirəsi aparılır:
Kaxetinin 8 seçki dairəsində səsvermə günü və ondan sonrakı dövrdə 85 şikayət yazılıb. Munisipalitetlər üzrə şikayətlərin sayı isə belədir: Telavi – 7 şikayət, Siğnağidə – 13, Ğvareli – 19, Axmeta – 4, Laqodexi – 20, Dedoplistsğaro – 9, Qurcaani – 5 və Saqareco – 8.
Dairə seçki komissiyalarının rəhbərlərinin sözlərinə görə, əsasən prosedur pozuntuları ilə bağlı şikayətlərin bir hissəsi müzakirə olunub və təmin edilib, məntəqə komissiyasının üzvləri xəbərdarlıq alıblar. Onların sözlərinə görə, şikayətlərin bir hissəsinin müzakirəsi bu günlərdə planlaşdırılır.
“Bax, fakt ” Araşdırmaçı Jurnalistlər Birliyi 2 oktyabr səsverməsinin proporsional protokollarını yenidən sayıb və 3743 seçki məntəqəsindəki məlumatlar üzərində işləyib.
Məlumatın üzərində işlənməsi nəticəsində, protokolların 27% -də məntəqəyə gedən seçicilərin sayı ilə namizədlərə verilən səslər + etibarsız bülletenlər arasında disbalans aşkarlanıb. “Bax, fakt” 2020-ci ilin seçkilərinin proporsional protokollarını da sayıb və o zaman protokolların 26% -də disbalans aşkarlanıb.
Araşdırmaçı Jurnalistlər Birliyi digər məntəqələr ilə birlikdə Kaxeti bölgəsinin 8 seçki dairəsində yerləşən 317 seçki məntəqəsinin proporsional protokollarını öyrənib və bunun nəticəsində də məlum olub ki, məntəqələrdə 1311 bülleten azdır. Onların verdiyi məlumata əsasən, həmçinin etibarsız bülletenlərin sayı da çoxdur ki, bu göstərici 5382 bülleteni təşkil edir və faiz nisbəti 3,3%-dir.
“317 məntəqədən bütün hallarda proporsional protokollar öyrənilib. Protokollarda 162 319 imza var idi, bülleten isə 162 073 idi. 5382 bülleten etibarsız elan edildi, bu isə 3.3%-i təşkil edir. 102 halda mənfi disbalans və ya çatışmazlıq, 6 halda isə artıqlıq qeydə alınıb. Məntəqədə etibarsız elan edilmiş bülletenlərin sayı orta hesabla 17-ni təşkil edir”-deyə təşkilatın yaydığı göstəricilərdə yazılıb.